“Mən qeyri-neft sektorunun inkişafı haqqında artıq neçə ildir ki, həm deyirəm, həm də praktiki addımlar atılır. Regionların inkişafı, regionlarda infrastrukturun, sosial infrastruktur yaradılması, yolların, qaz xətlərinin, elektrik stansiyalarının, məktəblərin, xəstəxanaların, kənd yollarının tikintisi, müəssisələrin, iş yerlərinin yaradılması - bütün bunlar son illər Azərbaycan reallıqlarını əks etdirir. Bakıda, böyük şəhərlərdə və bütün şəhərlərdə tam imkan verilməlidir ki, iş adamları böyük tikinti layihələrini icra etsinlər. Bəzi hallarda burada iş adamları müxtəlif çətinliklərlə üzləşirlər - bürokratiya, korrupsiya. Onlara qarşı əsassız tələblər irəli sürülür. Bütün bunlar yığışdırılmalıdır. Tikinti sektoru tam sərbəst şəkildə inkişaf etməlidir. Əlbəttə ki, şəhərsalma qaydalarına riayət etmək şərti ilə. Əlbəttə, biz imkan verə bilmərik ki, burada xaotik vəziyyət yaransın. Ancaq bütün süni əngəllər aradan qaldırılmalıdır. Ancaq bizi ən çox geriyə salan məhz tikinti sektorunda, bax bu qeyri-normal vəziyyətdir. Çünki burada o qədər icazələr tələb olunur və burada o qədər pozuntular var ki, hətta beynəlxalq qurumlar da bunu qeyd edirlər. Ona görə mən bu gün ciddi tapşırıq verirəm bütün şəhər və rayon icra hakimiyyəti orqanlarına, ilk növbədə Bakı Şəhər İcra Hakimiyyətinə ki, bundan sonra tikinti ilə bağlı heç bir süni əngəl olmamalıdır. İş adamlarına da müraciət edirəm, əgər sizdən kimsə qanunsuz nə isə tələb edəcəksə birbaşa məlumat verin və o qanunsuz əməlləri törətmək istəyənlər ciddi şəkildə cəzalandırılacaqlar."